Azərbaycan müstəqilliyinin 20 illik yubileyinin tamam olması Azərbaycan gəncliyinin qarşısında yeni məqsədlər qoymaqdadır. Bu məqsədlərə yaxşı təhsil almaq, ölkəni beynəlxalq sferada layiqincə təmsil etmək, öz sahəsinin professionalı olaraq ölkə iqtisadiyyatına töhfə vermək və s. daxildir.
Bildiyimiz kimi, ötən il Azərbaycan gənclərinin fəaliyyətinin daha da səmərələşdirilməsi üçün “Azərbaycan Gəncliyi-2011-2015-ci illərdə” Dövlət proqramı qəbul olunmuşdur. Proqrama Azərbaycan gəncliyinin Azərbaycan reallıqlarının tanıdılması, bu istiqamətdə müxtəlif təbliğat-təşviqat işlərinin aparılması, gənclərdə vətənpərvərlik ruhunun aşılanması, paytaxtda və regionlarda gənclərin intellektual bazasının artırılması kimi bəndlər daxildir. Regionlarda tikilməkdə olan gənclər evləri üzümüzə gələn onilliklərdə gənclərin fəaliyyətinin keyfiyyət simvolu olacaqdır.
Azərbaycan gəncliyinin təmsilçisi olaraq təşkilatımız geniş tərkibdə Dövlət proqramının ictimai müzakirələrində yaxından iştirak etmişdir. Biz, daima insan kapitalına dəyər verən, ətrafında 22 000 insanı toplayan regionun ən böyük gənclər təşkilatıyıq. İnsan kapitalına dəyər verərək, “İRƏLİ” İctimai Birliyi qeyri-formal təhsil metodları, seminarlar, təlimlər vasitəsilə ölkəmizi bu və ya digər sferalarda uğurla təmsil edəcək gəncləri yetişdirilməsini fəaliyyətimizin əsas amalı kimi seçmişik. “İRƏLİ” İctimai Birliyinin brend sayılacaq mövsümi universitetlər layihəsi bugünün reallıqlarını anlayan, informasiya texnologiyalarından istifadə etməyi bacaran yaradıcı və öz fəaliyyət sahəsinin lideri olmaq arzusunda olan gəncləri aşkara çıxarmaq məqsədilə həyata keçirilir.
İndiyədək Qazax və Sabirabadda “Gənc Liderlər Üçün Yay Universiteti”, Oğuz və Bakıda isə “Gənc Liderlər Üçün Qış Universiteti” layihələrində də bu prinsipi əsas tutmuş və uğurla həyata keçirmişik.
Həmin layihələrin böyük uğurunu nəzərə alaraq, bu fəaliyyəti ənənəyə çevirmək və bu il də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə “Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı Gələcək” layihəsini təşkil etmək qərarına gəlmişik. Düşərgə Azərbaycanın səfalı guşələrindən olan Qəbələ rayonunda 5 ulduzlu Qafqaz Resort Oteldə təşkil olunacaq. 5 gün müddətində davam edəcək və 100 nəfəri özündə birləşdirəcək bu düşərgədə əvvəlki düşərgələrdəki fəaliyyətlər daha da ətraflı və effektiv şəkildə həyata keçiriləcək. Müxtəlif panellərdə keçiləcək təlimlər zamanı biznes, kommunikasiya, iqtisadiyyat, sığorta, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimləri özündə birləşdirəcək qış universiteti həmçinin bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət görən şəxsiyyətləri də qonaq edəcək.
Layihədə iştirak etmək istəyən şəxslər 24.01.2012 tarixinə qədər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilmiş ərizə formasını doldurmalıdırlar (http://ireli.az/wu).
Qış universitetinin keçiriləcəyi məkan barədə ətraflı məlumat üçün:
http://www.qafqazresorthotel.com/
Qeyd: Daha öncə “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilmiş “Gənc liderlər üçün Yay/Qış Universiteti” layihələrinin iştirakçıları bu layihədə iştirak edə bilməzlər.
Seçimlərin nəticələri 26 yanvar 2012-ci il tarixində e-mail vasitəsilə açıqlanacaq.
